TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
105
Dövlətin qurucusu Muizzuddin Aybək (1250-1257) oğuzəsilli (türkmən) türk idi. O, Misirdə məmlük əsgəri kimi yetişdirilmiş və öz istedadı sayəsində əmir vəzifəsinə yüksəlmişdi.
Yaxın və Orta Şərqdə mövcud olan Əyyubilər dövlətinin (1171-1250) hökmdarı Saleh Əyyubinin ölümündən sonra onun dul qadını, Qafqaz türklərindən olan Şəcər-üd-Dürr Muizzuddin Aybəkə ərə getmiş və taxtı ona vermişdi. Beləliklə, Misirdə Əyyubi sülaləsi süqut etmişdi. Sultan Aybək Misirə hücum edən Suriya Əyyubiləri üzərində qələbə çalmış və bundan sonra onlar Misiri tərk etməyə məcbur olmuşdular.
Seyfəddin Kutuzun hakimiyyəti dövründə məmlüklər İslam dünyasını monqol təhlükəsindən müdafiə etmişdilər. 1260-cı ildə Fələstindəki Aynı-Calud döyüşündə məmlük qoşunu Kutuzun başçılığı ilə monqolların ordusunu məğlubiyyətə uğradaraq onların irəliləməsinin qarşısını almışdı. Nəticədə, Suriyanın bir hissəsi, Hicaz (müqəddəs Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi bölgə) və Misir monqol işğallarından xilas olmuşdu.
Ən məşhur məmlük hökmdarlarından biri olan Baybarsın (1260-1277) hakimiyyət illəri Məmlük sultanlığının ən parlaq dövrüdür. Bu dövrdə xilafətin mərkəzi Misirə köçürülmüşdü. Baybars Qızıl Ordunun hökmdarı Bərkə xanın qızı ilə evlənmişdi.
1276-cı ildə Baybars Anadolu türk bəyliklərinə kömək etmək üçün Kiçik Asiyaya yollanmış və Anadolu türkləri ilə birgə monqollara qarşı vuruşaraq, Elbistan döyüşündə onların üzərində ikinci dəfə qələbə çalmışdı. Bu dövlət səlibçilərə qarşı mübarizəni davam etdirmiş, Suriyada onların son qalıqlarını məhv etmiş və Antakyadakı səlibçiləri də uzaqlaşdırmışdı.
Məmlük dövləti 1517-ci ildə Osmanlı sultanı Yavuz Sultan Səlim tərəfindən zəbt olunmuşdur.
Məmlüklər dövründə türk dili Ərəbistan və Şimali Afrikada da yayılmağa başlamış, çoxlu sayda ərəb-türk lüğəti yazılmışdır. Misir məmlükləri öz ata yurdları olan Ural-İdil (Volqa) bölgəsi və Mərkəzi Asiya ilə əlaqələrini kəsməmişdilər. Onların Qızıl Ordu və Teymurilərlə qarşılıqlı səfirlikləri və hədiyyə mübadilələri bunun sübutudur. Qahirədə, Fələstində və Suriyada yerləşən bir sıra memarlıq abidələri məmlük hökmdarları tərəfindən inşa edilmişdir.