104
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Misirdə məmlüklərdən əvvəl də burada türkəsilli sülalələr - Tulunilər (868-905) və İhşidlər (935-969) hakimiyyətdə olmuşdur. Tulunilər Misir və Suriyada Abbasi xilafətindən asılı olmayan ilk yerli sülalə idi.
Tulunilər və İhşidlərdən sonra Misirdə qurulan Misir türk-məmlük dövlətinin əsasını Muizzuddin Aybək (1250-1257) qoymuşdu. Dövlətin paytaxtı Qahirə şəhəri idi. İki əsrdən artıq müddətdə məmlüklər Misirdə və Ön Asiyada (İordaniya, Fələstin, Suriya və s.) siyasi nüfuza malik olmuşdular.
Bəzi mənbələrdə adı əd-Dövlətüt-Türkiyə (Türk dövləti) kimi verilən Misir məmlükləri mənşəcə daha çox Mərkəzi Asiya, xüsusən də Dəşti-Qıpçaqın türk tayfaları ilə sıx bağlı olmuşlar. İstedadlı türk sərkərdələr Abbasi dövlətində böyük nüfuz qazanmış, Avropa səlib yürüşünə qarşı mübarizədə uğurlar əldə edərək Ön Asiya ölkələrində söz sahibi olmuşlar.