TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
103
lidir. Bu dövrdə tanınmış alim Əmir Xosrov Dəhləvi sultan sarayından böyük dəstək almışdı. Onun atası Keşdən (Şəhrisəbz / indiki Özbəkistanın cənubu), türk Laçın nəslindən idi. Xosrov Dəhləvinin özü isə Hindistanda şeirlərini fars dilində yazan ən böyük şairlərdən biri sayılırdı.
Dehli sultanları çoxlu sayda memarlıq abidələri tikdirmişdilər. Onların bir çoxu bu günümüzə qədər gəlib çatmışdır. Məsələn, Qütbəddin Aybək hündürlüyü 72,6 metrə çatan Qütb minarəsi tikdirmişdi. Bu abidə dünyada ən böyük minarə kimi tanınır. Halaçlar sülaləsinin hakimiyyəti dövründə Hindistanın müsəlman memarlığı Səlcuqlu texnikası və üslubunun təsiri altında inkişaf etmişdir. Tuğluqlardan olan Firuz şah tərəfindən çoxlu tikinti və abadlıq işləri görülmüş və Hisar, Caypur və Firuzabad kimi şəhərlər salınmışdır.
Sultan Raziyə
Sultan Raziyə İslam dünyasının ilk qadın hökmdarı idi və onda hökmdara aid olan bütün xüsusiyyətlər vardı.
Mirzə Nəsrullah xan. “Türk Tazan-i Hind”, I c., səh. 261.
Sultan Raziyə atası İltutmuşun sevimli qızı idi. Hələ atasının sağlığında o, dövlət işləri ilə məşğul olurdu. Sultan İltutmuş onu özünün vəliəhdi elan etmişdi. Saray əyanları buna narazılıq edir: “Sənin yetkinlik yaşına çatmış oğulların ola-ola neyə qızını vəliəhd edirsən?” - deyirdilər. İltutmuş cavab verirdi: “Mənim oğullarım eyş-işrətə və şəraba qurşanıblar, onlar dövləti idarə etməyə qadir deyillər. Məndən sonra taxta çıxmağa yalnız Raziyə layiqdir. O, qadın olsa da, mənim oğullarımdan daha üstündür”.
Nizaməddin Əhməd. “Tabakat-i Əkbəri”. I c., səh. 66;
Cuzcani. “Tabakat-i Nasiri”. I c., səh. 458.
Raziyə taxta çıxdıqdan sonra atasının yolu ilə gedərək onun qoyduğu qayda-qanunu və ənənələri bərpa etdi.
İltutmuşun qızı Raziyəni vəliəhd təyin etməsinin səbəbi nə idi?