100
TÜRK-MONQOL DÖVLƏTLƏRİ
Əlaəddin Ata Məlik Cüveyni
Cüveyni 1226-cı ildə Xorasanın Cüveyn şəhərində anadan olmuş və 1243-1256-cı illərdə Elxani əmiri Arqun Aka xanın sarayında yaşamışdır. 1250-ci illərdə Cüveyni və Arqun Aka xan birlikdə iki dəfə minlərlə kilometr yolu qət edərək Monqolustana səfər etmişdilər. 1251-1252-ci illərdə isə Cüveyni daha uzun müddətə Qaraqoruma getmişdir. Burada qaldığı zaman dostları onu monqolların fəthlərini əbədiləşdirən “Tarixi CihanGüşa” adlı əsərini qələmə almağa razı salmışdılar.
Rəşidəddin Fəzlullah Həmədani
Rəşidəddin Həmədani (1247-1318) həkim, yazıçı, tarixçi, dövlət xadimi və Elxanilər dövlətinin vəziri olmuşdur. Onun yazdığı “Cami üt-Təvarix” adlı qiymətli əsər Adəm dövründən başlayaraq monqol dövrünə, elxani hökmdarı Mahmud Qazan xanın hakimiyyəti zamanınadək olan bütün tarixi hadisələrdən bəhs edir.
Kitabın ikinci cildini təşkil edən “Tarixi Oğuzan və Türkan” (“Oğuzların və türklərin tarixi”) adlı hissə qədim türklərin keçmişi və mifologiyasını öyrənmək baxımından əhəmiyyətlidir. Rəşidəddin yazılı şəkildə ona gəlib çatan “Tarixi Oğuzan”ı dəyişdirməmiş, yalnız bura “Qurani-Kərim”dən ayələr, bəzi tarixi məlumatlar əlavə etmiş, onu fars ədəbiyyatından və “Şahnamə”dən şeirlərlə bəzəmişdir. Dastanın qədim dövrlərə aid olan bölmələrində Mərkəzi Asiya ilə Çin arasındakı əlaqələr haqqında ətraflı məlumatlar verilir. Ola bilər ki, bu məlumatlar xalqın yaddaşında qalmış rəvayət və əfsanələrə əsaslanmışdır.
Oğuz xaqanın yürüşləri arasında Həmədaninin diqqətini ən çox onun Ön Asiyaya (İran, Mesopotamiyaya) yürüşü cəlb etmişdi.