10
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
Türk dilləri şərqdən qərbə doğru – Uzaq Şərq, Qərbi Çin və Sibirdən Şərqi Avropa və Kiçik Asiyaya (Anadoluya) qədər, şimaldan cənuba doğru – Ural-Volqaboyu və Cənub-Qərbi Sibirdən Şərqi Türküstan, Şimali Əfqanıstan, Şimali İran və Qafqaza qədər yayılmışdır.
Türk dilləri üç böyük qola ayrılır: qıpçaq, oğuz və qarluq dili. Bununla yanaşı, nisbətən az sayda danışanları olan Şimal-şərqi Sibir, Cənubi Sibir türk ləhcələri və müasir çuvaş dilinin əsasını qoymuş oqur (çuvaş) qrupu da var.
Qıpçaq qrupuna aid olan dillərdə qədim türk sözlərinin əvvəlində işlənən y səsi c səsinə, sözün sonundakı ğ samiti v samitinə çevrilmişdir. Məsələn, qədim türkcə yürek (ürək) sözü cürek; tağ (dağ) sözü isə tav/tau kimi tələffüz edilir.
Oğuz qrupundakı dillər üçün qədim türk sözlərindəki k səsinin g səsinə, t səsinin isə d səsinə çevrilməsi xarakterikdir. Məsələn, qədim türkcədə kel (gəlmək) sözü gəl, tiş (diş) sözü diş kimi tələffüz edilir.
Qarluq qrupundakı dillərdə qədim türk sözləri olduğu kimi qalmış, yalnız fonetik baxımdan dəyişikliyə uğramışdır. Bu qrupa daxil edilən dillərin fərqli xüsusiyyəti sözlərdə bəzi samit səslərin ikiləşməsidir. Məsələn, qədim türk sözü olan yeti (yeddi) sözü yetti; katıg (bərk, sərt) sözü kattık şəklindədir.
Cənubi Sibirin türk ləhcələri ümumən yuxarıda sadalanan üç qrupa yaxındır, lakin bu ləhcələrdə bir çox sözlər arxaik formasını saxlamışdır. Məsələn, əksər türk dillərində işlənən ayak sözü tıva dilində adak, yakut dilində atah şəklindədir, yalnız halaç dilində bu söz hadak kimi səslənir.
Oqur qrupunun yeganə canlı təmsilçisi olan çuvaş dili bir çox cəhətdən əksər türk dillərindən fərqli olan qədim bulqar dilinin varisi sayılır. Digər türk dillərində z samiti ilə qurtaran sözlərin çuvaşcada r samiti ilə bitməsi bu dilə xas olan xüsusiyyətlərdən biridir. Məsələn, qədim türk dilində olan tokuz (doqquz) sözü çuvaş dilində tahar, kız (qız) sözü isə hır kimi səslənir.
Digər qohum türk dillərindən uzaq düşmüş bir dil də Şimal-şərqi Sibir sakinləri olan yakutların (saxa) dilidir.
Bu dildə sözün əvvəlində verilən qədim türk samit səsi y, bir qayda olaraq, s səsinə çevrilir. Məsələn, qədim türk sözü yıl (il) yakut dilində sıl kimi səslənir.