Quba xanlığının birləşdirmə siyasəti Azərbaycan torpaqlarını işğal etmək istəyən xarici qüvvələrin də mənafeyinə uyğun deyildi. Feodal ara müharibələri yeni mərhələyə daxil oldu. Tezliklə digər xanlıqlar Fətəli xana qarşı müharibəyə başladılar. Bunun üçün müxtəlif ittifaqlar yaratdılar. Bu ittifaqlardan birinə Qarabağ xanlığı, Şəki xanlığı və keçmiş Şamaxı hakimi, digərinə isə Dağıstan hakimləri daxil idilər. Bu, Azərbaycanın şimal torpaqlarında siyasi vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Belə vəziyyət isə Azərbaycan torpaqlarını işğal etmək istəyən xarici qüvvələrə əlverişli şərait yaratdı. Bunlardan biri də Cənubi Qafqazda hakimiyyətə can atan gürcü çarı II İrakli idi. II İrakli Fətəli xanın birləşdirmə siyasətinin əleyhinə idi, lakin Fətəli xana qarşı açıq çıxış etməyə cəsarət göstərmirdi. Qarabağ və Şəki xanlıqları Quba xanlığına qarşı ittifaq yaradanda II İrakli də bu ittifaqa daxil oldu.
Fətəli xanın siyasəti Dağıstanın bir sıra feodal hakimlərinin də xoşuna gəlmirdi. Onlardan biri də Qaraqaytaq hakimi, Fətəli xanın qohumu Əmir Həmzə idi. Fətəli xan onun bacısı Tuti Bikə ilə evlənmişdi.
1774-cü ildə Əmir Həmzənin başçılığı ilə Dağıstan hakimlərinin birləşmiş qüvvələri Quba xanlığına hücum etdi. Xudat yaxınlığında — Gavduşan çölündə baş vermiş döyüşdə Fətəli xan məğlub oldu. O, Dərbəndə qayıda bilmədi və yaralı halda Salyana çəkildi. Birləşmiş qüvvələr isə Dərbəndə hücum etdilər. Əmir Həmzə əvvəlcə hiyləyə əl atdı. O, Tuti Bikəyə xəbər göndərdi ki, guya döyüşdə həlak olmuş Fətəli xanın cənazəsini gətirmişdir.