1767-ci ildə Şamaxı xanlığı iki xanlıq arasında bölüşdürüldü. Bir il sonra isə Fətəli xan Şamaxı xanlığını tamamilə Quba xanlığına birləşdirdi. Şamaxı xanlığından sonra 1768-ci ildə Muğanda yerləşən Cavad xanlığı könüllü olaraq Quba xanlığının himayəsini qəbul etdi. Muğan ərazisinin birləşdirilməsi Azərbaycanın cənub torpaqlarına yol açırdı.
Beləliklə, Fətəli xan Azərbaycanın şimal-şərq torpaqlarının böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirməyə nail oldu. Bu, XVIII əsrin ikinci yarısında Azərbaycan torpaqlarının birləşdirilməsində ən uğurlu təşəbbüs idi.
Azərbaycan torpaqlarının bir hissəsinin vahid dövlətin tərkibində birləşdirilməsi mühüm siyasi-iqtisadi əhəmiyyət daşıyırdı. Ara müharibələri azalır, xarici hücumların qarşısı alınırdı. Bu isə iqtisadi inkişafa şərait yaradırdı. Ona görə də qonşu xanlıqların əhalisi — kəndlilər, sənətkar və tacirlər, həmçinin feodalların bir hissəsi birləşdirmə siyasətinə rəğbətlə yanaşırdılar.
Birləşdirmə siyasətinə qarşı çıxanlarla mübarizə. Öz hakimiyyətlərini qoruyub saxlamağa çalışan iri feodal hakimlər isə Fətəli xanın birləşdirmə siyasətinə qarşı çıxır və müqavimət göstərirdilər.