Fətəli xan Hüseynəli xanın başlatdığı birləşdirmə siyasətini uğurla davam etdirərək böyük strateji əhəmiyyəti olan Dərbənd xanlığını özünə tabe etməyi qərara aldı. Ərazisi kiçik, əhalisi az olan Dərbənd xanlığı hərbi cəhətdən o qədər də güclü deyildi. Yerli əhalinin onlardan çoxlu vergi alan Dərbənd xanından narazı olması və Fətəli xandan kömək istəməsi bu işi daha da asanlaşdırdı.
1759-cu ildə Dərbənd Quba xanlığına birləşdirildi. Bu hadisə Quba xanlığının strateji mövqeyini daha da möhkəmləndirdi.
Fətəli xan Bakı xanlığını da Quba xanlığına birləşdirmək istəyirdi. Xəzər dənizinin başlıca limanı olan Bakı ölkənin xarici ticarət mərkəzlərindən biri idi. İqtisadi əhəmiyyətinə baxmayaraq, Bakı xanlığı hərbi cəhətdən güclü deyildi. Bu, qonşu xanlıqların hücumlarına şərait yaradırdı. Ona görə də Bakı xanlığının əhalisi Quba xanlığına birləşməklə şəhərin daha yaxşı müdafiə olunacağına ümid edirdi. Əhali həm də Fətəli xanın sənətkarlıq və ticarətin inkişafını himayə etdiyini bilirdi, buna görə Bakının Quba xanlığına birləşdirilməsinə tərəfdar idi.
Fətəli xan Bakını Quba xanlığına birləşdirmək üçün “nikah diplomatiyasından istifadə edib Bakı xanı ilə qohum oldu. 1767-ci ildə Bakı Quba xanlığına birləşdirildi. Rəsmi sənədlərdə Fətəli xan “Qubanın, Dərbəndin, Bakının və Salyanın hakimi” adlanırdı. Bakı Quba xanlığının iqtisadi inkişafında mühüm rol oynadı, çünki Bakı dəniz ticarətindən, neft və duz hasilatından böyük gəlir götürürdü.
Beləliklə, Salyan, Dərbənd və Bakı xanlıqlarının Quba xanlığına birləşdirilməsi ilə şimal-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsinin birinci mərhələsi başa çatdı.