Fətəli xanın hakimiyyətə gəlməsi. Hüseynəli xandan sonra hakimiyyətə Fətəli xan (1758—1789) gəldi.
Vergi islahatına görə, vergilərin mahal naibləri tərəfindən toplanması qadağan edildi. Hər bir kəndxuda kəndlilərdən topladığı vergini özü şəxsən xan xəzinəsinə və ya anbarına təhvil verməli idi. Fətəli xan göstəriş verdi ki, bəzi mükəlləfiyyətlər yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilsin. Bu tədbir yerli hakimlərin özbaşınalığına son qoydu.
Köçürmə siyasətinə görə, Azərbaycanın cənubundan köçürülən xeyli əhali Şabranda və ətraf yerlərdə yerləşdirildi. Xanlığın sərhədlərini möhkəmləndirmək məqsədilə Muğanda yaşayan cəngavər Şahsevən tayfalarının bir hissəsi Quba xanlığına köçürüldü. Fətəli xan Dərbənd xanlığı əhalisinin bir hissəsini də Quba xanlığının ərazisinə köçürdü.