Maku xanlığı. XVIII əsrin ortalarında yaranmış Maku xanlığının əsası Bayat tayfasının başçısı Əhməd xan tərəfindən qoyulmuşdu. Maku xanlığı XVIII əsrin sonlarında müstəqilliyini itirərək Qacarlar dövlətindən asılı vəziyyətə düşmüşdü.
Sərab xanlığı. Xanlıq türk Şəqaqi tayfasının başçısı Əli xan (1747—1786) tərəfindən yaradılmışdı. Ondan sonra hakimiyyətə gələn Sadıq xan Şəqaqinin dövründə xanlıq güclənmişdi. XVIII əsrin sonunda Sərab xanlığı da müstəqilliyini itirdi.
Marağa xanlığı. Xanlığın əsasını Müqəddəm tayfasının başçısı olan Əliqulu xan qoymuşdu. Xoy, Ərdəbil, Təbriz və Sərab xanlıqları kimi Marağa xanlığı da XVIII əsrin sonlarında müstəqilliyini itirdi. Müstəqilliyini itirən bu xanlıqlar Qacarlar dövlətinin tərkibinə daxil edilmişdi.
Zəncan xanlığı. Xanlığın əsasını Əfşar tayfasından olan Zülfüqar xan qoymuşdu. O daha öncə Zəncanın valisi idi və Nadir şahın ölümündən sonra müstəqil siyasət yeritməyə başlamışdı. Zülfüqar xan bir müddət Qəzvini də özünə tabe etmişdi. Zəncan xanlığı XVIII əsrin sonunda Qacarlar dövlətinə qatıldı.