Təbriz xanlığı. XVIII əsrin ortalarında yaranmış Təbriz xanlığının əsasını Əfşar tayfasından olan Əmiraslan xan qoymuşdu. O, mərkəzi Təbriz olmaqla, müstəqil dövlət yaratmaq siyasəti yürüdürdü. Qısa müddət ərzində Ərdəbil və Qaradağ xanlıqlarını özünə tabe edən Əmiraslan xan Azərbaycanın şimal xanlıqlarını da Təbriz xanlığına birləşdirmək istəyirdi. Onun bu siyasəti uğursuz oldu. Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətə düşdü.
Fətəli xan Əfşar 1763-cü ildə Kərim xan Zənd və müttəfiqləri tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Təbriz xanlığı müstəqilliyini bərpa etdi.
Xoy xanlığı. Azərbaycanın cənubundakı ən güclü xanlıqlardan biri də Xoy xanlığı idi. Xanlığın əsasını Şahbaz xan qoymuşdu. Urmiya xanlığının zəifləməsindən sonra Xoy xanlığı cənubda ən güclü xanlıq idi. Şahbaz xandan sonra hakimiyyətə gələn qardaşı Əhməd xan (1763—1786) bir müddət İrəvan, Naxçıvan, Qaradağ və Təbriz xanlıqlarını asılı vəziyyətdə saxlamış, lakin burada möhkəmlənə bilməyərək geri çəkilmişdi.
XVIII əsrin axırlarında Xoy xanlığında hakimiyyət uğrunda mübarizə gücləndi. Daxili çəkişmələr nəticəsində xanlıq zəifləyib müstəqilliyini itirdi.
Ərdəbil xanlığı. XVIII əsrin ortalarında yaranmış bu xanlığın əsası Şahsevən tayfasından olan Bədir xan tərəfindən qoyulmuşdu. Xanlıq bir müddət Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdü. 1784-cü ildə qubalı Fətəli xan Azərbaycanın cənub torpaqlarına yürüş edərək Ərdəbil və ətraf əraziləri ələ keçirmiş, lakin burada möhkəmlənə bilməyərək geri çəkilmişdi. Ərdəbil xanlığı da XVIII əsrin sonlarında öz müstəqilliyini itirdi.
Qaradağ xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Kazım xan qoymuşdu. Mərkəzi Əhər şəhəri idi. Xanlıq müxtəlif vaxtlarda Urmiya, Qarabağ xanlıqlarından asılı olmuşdu. 1782-ci ildə Qarabağ və Xoy xanlıqları arasında bölüşdürülərək öz müstəqilliyini itirdi.