Fətəli xan Əfşar Azərbaycanın şimal xanlıqlarının da birləşdirilməsinə çalışırdı. Bu məqsədlə bəzi xanlıqlara müttəfiqlik haqqında müraciətlər etmişdi. Əvvəlcə o, İrəvan xanlığını Urmiya xanlığı ərazilərinə birləşdirmək istədi, lakin onun ilk cəhdi baş tutmadı. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağa hücum etdi. Şuşanın bir neçə aylıq mühasirəsindən sonra Qarabağ xanı Pənahəli xan Urmiyadan asılılığı qəbul etdi. Ardınca İrəvan və Şəki xanlıqları da qısa müddətə Urmiya xanlığına tabe edildi.
Fətəli xan Əfşar yalnız Azərbaycan torpaqlarını birləşdirmək siyasəti həyata keçirmir, qonşu ölkələri də tabe etmək istəyirdi. Bu mübarizədə Fətəli xan Əfşarın əsas rəqibi Şiraz hakimi Kərim xan Zənd idi. Fətəli xan Əfşar bir neçə döyüşdə Kərim xan Zəndə qalib gəldi. Fətəli xan Əfşarın güclü olduğunu görən Kərim xan ona qarşı mübarizədə hiyləyə əl atdı. O, Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məharətlə istifadə etdi. Bu məqsədlə digər Azərbaycan xanları — qarabağlı Pənahəli xan və xoylu Şahbaz xanla ittifaq bağladı.
Müttəfiqlərin birləşmiş qoşunları Urmiya şəhərini mühasirəyə aldı. Şəhər əhalisi Fətəli xanın başçılığı ilə qəhrəmancasına müdafiə olunurdu. Urmiya şəhəri doqquz ay mühasirədə qaldı. Nəhayət, 1763-cü ildə şəhər ələ keçirildi. Fətəli xan Əfşarın məğlub edilməsindən sonra Urmiya xanlığı zəiflədi. Urmiya xanlığından asılı olan xanlıqlar öz müstəqilliyini bərpa etdi.
Beləliklə, Azərbaycan xanları arasında birliyin olmaması, onların bir-birinə qarşı xarici qüvvələrlə ittifaqa girməsi nəticəsində ölkəmizi vahid dövlətin tərkibində birləşdirmək məqsədilə göstərilən növbəti cəhd baş tutmadı.