Şəki xanlığı ilə təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən II İrakli hiyləgər bir tədbirə əl atdı. “Parçala, hökm sür” düşüncəsi ilə digər Azərbaycan xanlıqlarını Şəki xanına qarşı mübarizəyə təhrik etdi. Bu məqsədlə o, Qarabağ, Gəncə, Qaradağ, Naxçıvan və İrəvan xanlıqları ilə ittifaq yaratdı.
1752-ci ildə müttəfiqlər Gəncə yaxınlığında Qızılqaya deyilən yerdə müşavirə üçün toplaşdılar. Gürcü çarı müttəfiqlərinə xəyanət edərək danışıqlara gəlmiş Azərbaycan xanlarını mühasirəyə alıb əsir götürdü. Bu hadisə tarixdə “Qızılqaya, xəyanəti” adlanır.
Bu xəbəri eşidən Hacı Çələbi xan Azərbaycan xanlarını azad etmək üçün gürcü çarının qoşununa hücum etdi. Bu döyüşdə xanın özünün başçılıq etdiyi atlı qoşun düşməni ağır məğlubiyyətə uğratdı. Azərbaycan xanları azad edildi.
Bu qələbədən sonra Hacı Çələbi xan Qazax, Şəmşəddil, Borçalı sultanlıqlarını da azad edərək Azərbaycana qaytardı və öz xanlığının tərkibinə daxil etdi. Həmin il gürcü çarının Car-Balakənə yürüşünü də dəf etdi, bu bölgəni öz himayəsinə aldı.
Azərbaycan torpaqlarını birləşdirmək siyasətini davam etdirən Hacı Çələbi xan 1755-ci ildə Şirvana yürüş etdi. Quba xanı Hüseynəli xanın Şamaxı xanına kömək etməsi nəticəsində Hacı Çələbi xanın bu yürüşü uğursuz oldu.