Yeni çıxışlar. Xalq kütlələrinin ağır vəziyyətinə baxmayaraq, əhali üzərinə yeni vergilər qoyulması haqqında fərmanlar verilirdi. Hökumətin bu tədbirləri xalq kütlələrinin yeni silahlı üsyanlara başlaması üçün təkan oldu.
Bu dövrdə artıq Əfşarlar dövləti tam tənəzzül keçirirdi. Hakimiyyət əleyhinə çıxışlar artmaqda idi. Üsyanlar hamısı eyni vaxtda başlanırdı. Bu isə şah qüvvələrinin parçalanmasına və maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Aramsız müharibələr, iqtisadi vəziyyətin ağırlığı, əhalinin var-yoxdan çıxması, sosial ziddiyyətlər Nadir şahın imperiyasını süquta doğru aparırdı.
III Sam mirzənin hakimiyyəti ələ keçirmək cəhdi. Azərbaycanın cənub vilayətlərində də vəziyyət sabit deyildi. Ərdəbildə başlamış güclü üsyanın başında özünü III Sam mirzə kimi qələmə verən növbəti yalançı şahzadə dayanırdı. Əhalinin mərkəzi hökumətə qarşı narazılığından istifadə edən III Sam mirzə silahlı dəstələr yaradıb Təbrizdə hakimiyyəti ələ aldı. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü.