Siz artıq Azərbaycan tarixinin orta yüzilliklər dövrünü öyrənmisiniz. Bu dərslikdə isə XVI əsrin ortalarından XIX əsrin ilk onilliklərinə qədərki dövrdə Vətənimizdə baş vermiş önəmli tarixi hadisələrlə, mürəkkəb ictimai-siyasi proseslərlə tanış olacaqsınız.
Osmanlı-Səfəvi müharibələri, daxili çəkişmələr Səfəvi dövlətinin dayaqlarını sarsıtdı. Bu zaman tarix səhnəsinə görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Şah I Abbas çıxdı. O, itirilmiş torpaqlarımızı geri aldı, tarixi sərhədlərimizi bərpa etdi.
Səfəvilər şərəf tariximizdir. Azərbaycan xalqı bu dövləti yaratmaqla, sadəcə, özünü və sərhədlərini qoruyan xalq deyil, eyni zamanda başqalarını idarə edən, imperiya yaradan xalq olduğunu bütün dünyaya sübut etmişdir.
Azərbaycanda baş verən ictimai-siyasi proseslərin mühüm bir mərhələsi də xanlıqlar dövrüdür. Siyasi dağınıqlıq XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya və Qacarlar dövləti arasında bölüşdürülməsi ilə nəticələndi. Gülüstan və Türkmənçay müqavilələri dünyanın ən ədalətsiz sənədləri sırasındadır. Bu dərslikdə Azərbaycanın iki yerə parçalandığı tarixi şərait, işğalların gedişi və ağır nəticələri haqqında bilgi verilmişdir.
Dərslikdəki materiallar əsasında müasir dövrdə baş verən soyqırımı və işğalların tarixi köklərini də öyrənəcəksiniz. Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülüb yerləşdirilməsi, qondarma “erməni vilayəti”yaradılması ideyalarının kökündə dayanan hadisələrdən xəbərdar olacaqsınız. Siz bu dərslikdə Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Hacı Çələbi xan, Pənahəli xan Cavanşir, qubalı Fətəli xan, gəncəli Cavad xan və onlarla başqa tarixi simalarla tanış olacaqsınız. Mürəkkəb tarixi prosesləri izləyəcək, hadisələrə özünüz qiymət verəcəksiniz.
Vətənimizin tarixini öyrənmək üçün bu dərslik sizə etibarlı köməkçi olacaqdır. Dərsliyi dərindən öyrənin və doğma tariximizə sahib çıxın!