Şahın yanından qayıtdıqdan sonra Hacı Çələbi məlik Nəcəfi daha çox sıxışdırmağa başladı. Məlik Nəcəf yenə ondan şaha şikayət etdi. Nadir şah Hacı Çələbini hüzuruna çağırdı. Bu dəfə edamdan yaxa qurtarmayacağını yaxşı dərk edən Hacı Çələbi şahın hüzuruna getməkdən imtina etdi. 1743-cü ildə öz tərəfdarlarını toplayıb məlik Nəcəfi öldürdü və özünü xan elan edərək Şəki vilayətində hakimiyyəti ələ aldı.
Daxili və xarici vəziyyət Nadir şaha qoşunu parçalayıb, bir hissəsini Şəkiyə göndərmək imkanı vermirdi. Bu zaman Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də çıxışlar davam edirdi.
Hacı Çələbi tezliklə Nadir şahın ordusunun Şəkiyə yürüş edəcəyini anladığına görə Şəki əhalisini “Gələsən-görəsən” qalasına köçürüb, oraya azuqə və sursat ehtiyatı topladı.
Yalnız 1746-cı ildə ərzaq çatışmazlığı nəticəsində qalada yaranmış ağır vəziyyətlə əlaqədar Hacı Çələbi Nadir şahın hakimiyyətini tanıdığını bildirdi.
Nadir şah da güzəştə getdi və Hacı Çələbini yenidən Şəkiyə vəkil təyin etdi.