Onun ölkədə olmamasından istifadə edən Car əhalisi 1738-ci ildə üsyan qaldırdı. Şahın qardaşı İbrahim xanın başçılıq etdiyi dəstə Car vilayətinə getdi. İbrahim xan döyüşdə öldürüldü. Üsyançılar bir sıra inzibati mərkəzləri mühasirəyə aldılar. Onlar, demək olar ki, Şirvandakı bütün karvan yollarına nəzarət edirdilər.
Vəziyyətin ciddi olduğunu görən Nadir şah üsyançılara qarşı yürüşə özü başçılıq etməyi qərara aldı və 1741-ci ilin yazında Mərkəzi Asiyaya səfərini başa çatdıraraq ordusunu Car vilayətinə və Cənubi Dağıstana yönəltdi. Üsyan böyük çətinliklə yatırıldı.
Yalançı Səfəvi şahzadələrinin meydana çıxması. Ağır vergi siyasətindən narazı olan xalq “yaxşı hökmdar” arzulayırdı. Əhalinin müəyyən təbəqələri arasında Səfəvilər sülaləsinin hakimiyyətinin davam etdirilməsinə rəğbətlə yanaşanlar hələ də qalmaqda idi.Öz niyyətlərinə nail olmaq istəyən qüvvələr xalq arasında kütləvi etirazlar yaradaraq Səfəvilər sülaləsinə olan rəğbətdən istifadə etməyə çalışırdılar. Bunun nəticəsi idi ki, əslində, Səfəvi sülaləsindən olmayan bəzi şəxslər özlərini Səfəvi şahzadələri kimi qələmə verib, ətraflarına çoxlu qüvvə toplayaraq bir neçə iğtişaşın təhrikçisi və rəhbəri ola bildilər.