Beləliklə, Səfəvilər dövlətinin yerində yeni türk sülaləsinin idarə etdiyi Əfşarlar dövləti yarandı.
Qarabağ tayfalarının Nadir xanın şah olmasına qarşı çıxması onlara baha başa gəldi. Taxt-taca sahib olandan sonra Nadir şah bu tayfaların başçılarını ailələri ilə birlikdə Xorasana sürgün etdi. Qarabağ bəylərbəyinin cəzası daha ağır oldu. Bu bəylərbəyiliyə daxil olan Borçalı, Qazax və Şəmşəddil mahallarını Nadir şah özündən asılı olan gürcü hakiminin tabeliyinə verdi. Bu, Azərbaycanın gələcək tarixi üçün uğursuz addım idi.
Nadir şah nə üçün Ziyadoğullarına belə cəza verdi? Fikrinizi əsaslandırın.
Nadir şahın daxili siyasəti. Nadir şah yaratdığı yeni dövlətə Məşhəd şəhərini paytaxt seçdi. O, ölkənin mərkəzləşdirilməsi üçün tədbirlər həyata keçirdi. İdarə aparatında da islahatlar edərək bir sıra ali vəzifələri, o cümlədən baş vəzir, sədr-əzəm vəzifələrini ləğv etdi.
Səfəvi dövründə Azərbaycanda mövcud olan Qarabağ, Çuxursəəd, Təbriz, Şirvan bəylərbəyilikləri əvəzinə Azərbaycan əyaləti yaradıldı. Nadir şah mərkəzi Təbriz olan bu əyalətə qardaşı İbrahim xanı hakim təyin etdi. Həmçinin ona sadiq olanların hamısını yüksək vəzifələrə qoydu.
Yeni şahın hakimiyyətini qəbul etmiş hakimlərin yanına nəzarət üçün Nadir şah tərəfindən xüsusi naiblər təyin olundu.