Səfəvi əraziləri üzərində nəzarəti
ələ aldıqdan sonra Nadir xan Əfşar
bütün diqqətini hakimiyyət məsələsi
üzərində cəmləşdirdi. Şahın vəkili
kimi, real hakimiyyət əlində olsa da,
Nadir xan bununla kifayətlənmir, şah
taxtına özü əyləşmək istəyirdi.
Muğan qurultayı. Nadir xan hakimiyyəti çevriliş yolu ilə ələ keçirməyi düzgün hesab etmirdi, çünki bu zaman onun hakimiyyəti xalq və əyanlar tərəfindən qəbul olunmaya bilərdi. Hakimiyyəti qanuni yolla ələ almaq üçün Nadir xan bütün ölkə nümayəndələrinin iştirak edəcəyi qurultay çağırmağı və bu mötəbər məclisdə özünü şah elan etməyi qərara aldı.
Qurultay 1736-cı ildə Muğanda, Suqovuşan adlı yerdə keçirildi. Toplaşanlar taxta kimin sahib olacağını müzakirə etdilər.
Qarabağın Ziyadoğlu, Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları da qurultayda iştirak edirdilər. Onlar hökmdar sülaləsinə mənsub olmadığına görə Nadir xanın şah taxtına oturmasına qarşı çıxdılar. Buna baxmayaraq, qurultay iştirakçılarının böyük hissəsi tərəfindən dəstəklənən Nadir xan istəyinə nail oldu.