1732-ci ilin axırlarında Nadir xan Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başlayaraq Həmədan və Kirmanşahı yenidən azad etdi. Daha sonra İraqa hücum etdi. Bağdadda Nadirlə Osmanlı ordusunun baş komandanı arasında 1733-cü ilin əvvəllərində osmanlıların son on ildə işğal etdiyi əraziləri Səfəvilərə qaytarmasını nəzərdə tutan müqavilə imzalandı, lakin bu müqaviləni Osmanlı hökuməti təsdiq etmədi.
Azərbaycanın cənubunu osmanlılardan təmizlədikdən sonra Nadir xan Şirvanda Osmanlı sarayının formal himayəsi altında olan Surxay xanın hakimiyyətinə son qoymaq üçün Şamaxıya yürüş etdi. Surxay xan Nadir xanın gəldiyini eşidib Dağıstana qaçdı. 1734-cü ildə Nadir xan Şamaxını, daha sonra Gəncəni azad etdi. Bundan sonra Nadir xan Rusiyadan Azərbaycanın Kür çayından şimaldakı Xəzərsahili vilayətlərini tərk etməyi tələb etdi.
1735-ci ildə Rusiya ilə Səfəvi dövlətinin nümayəndələri arasında Gəncədə müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən, rus qoşunları Terek çayından cənubdakı Xəzərsahili vilayətləri tamamilə tərk etdi. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.
Rus qoşunlarının Xəzərsahili vilayətlərdən çıxarılması barədə razılığa nail olduqdan sonra Nadir xan Osmanlı dövləti ilə də münasibətləri qəti şəkildə nizama salmaq üçün həlledici döyüşlərə başladı. İki dövlət arasında hərbi əməliyyatlar yenidən başlandı. İrəvan bölgəsində Səfəvi və Osmanlı qoşunları arasında baş verən qanlı döyüş Nadir xanın qələbəsi ilə nəticələndi. Müqavimət göstərməyin mənasız olduğunu anlayan Osmanlı hökuməti hərbi əməliyyatları dayandırmaq qərarına gəldi. 1735-ci ilin sonlarında Osmanlı qoşunu zəbt etdiyi bütün Səfəvi torpaqlarını tərk etməyə məcbur oldu.