Çətin vəziyyətə düşən II Təhmasib Osmanlı dövləti ilə sülh danışıqlarına başlamağa məcbur oldu. 1732-ci ildə Kirmanşahda sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Araz çayından şimalda olan Azərbaycan əraziləri və Dağıstan üzərində Osmanlı hakimiyyəti saxlanıldı, Araz çayı sərhəd xəttinə çevrildi.
Həmin vaxt Rusiya ilə Səfəvi dövləti arasında Osmanlı imperiyasına qarşı birgə hərbi əməliyyatlar aparılması barədə danışıqlar gedirdi. Bu danışıqların nəticəsi olaraq, 1732-ci ildə Rəşt şəhərində müqavilə imzalandı. Müqaviləyə görə, Rusiya Kür çayından cənubdakı Xəzərsahili vilayətlərdən Səfəvi dövlətinin xeyrinə əl çəkməli və Osmanlı dövləti bu ərazilərə buraxılmamalı idi. Rusiya dövləti Səfəvi tacirlərinə ölkənin hər yerində sərbəst, gömrüksüz ticarət etməyə və Rusiyadan gömrük vermədən mal gətirməyə icazə verirdi. Bunun əvəzində Səfəvi dövləti Rusiya ilə əbədi dost olacağını vəd edirdi. Rus tacirləri də gömrük vermədən Səfəvi ərazisindən keçərək Hindistana gedə bilərdilər. Səfəvi ərazisində rus tacirlərinin özlərinin və mallarının toxunulmazlığı təmin edilirdi.
Beləliklə, Rəşt müqaviləsi ilə Kür çayından cənubda yerləşən Xəzəryanı vilayətlər yenidən rəsmən Səfəvi dövlətinə qaytarıldı.
Xorasanda üsyanı yatırdıqdan sonra Nadir xan İsfahana qayıtdı və burada nüfuzlu xan və əyanların iştirakı ilə böyük toplantı təşkil etdi. Toplantıda II Təhmasib hakimiyyətdən uzaqlaşdırıldı. Şahın azyaşlı oğlu III Abbas adı ilə şah elan olundu. Nadir xan şahın naibi və vəkili elan edildi.