Maykl Aksvörtinin “Nadir şah ” kitabından
1730-cu ildə Nadir xan Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başladı. O, Osmanlı ordusunun Azərbaycandakı əsas dayaq nöqtələrindən biri olan Təbrizi, bunun ardınca, demək olar ki, itki vermədən Ərdəbili tutdu, lakin bu zaman Xorasanda şah hökumətinə qarşı üsyan qalxdı. Nadir xan hərbi əməliyyatları saxlayıb, üsyanı yatırmaq üçün Xorasana getməli oldu.
Səfəvi dövləti ərazilərinin Rusiya və Osmanlı işğalçılarından təmizlənməsi. Nadir xanın hərbi uğurları xalq arasında onun nüfuzunu qaldırmışdı. Bu isə Səfəvi taxtında əyləşən II Təhmasibi çox narahat edirdi. Nadir xan Xorasanda olanda II Təhmasib xalq arasında nüfuzunu qaldırmaq üçün osmanlılara qarşı hərbi əməliyyatlara özü rəhbərlik etməyi qərara aldı, lakin o, İrəvan və Həmədan yaxınlığında ağır itkilər verərək məğlubiyyətə uğradı. Osmanlılar Təbrizi yenidən tutub, Kirmanşah, Həmədan və Urmiyanı da ələ keçirdilər.