Osmanlı hakimiyyət orqanları əhalini siyahıya alıb, hər sancaq və vilayət üçün vergi qanunnaməsi tərtib etmişdilər. Xüsusi vergi dəftərlərində kişi cinsindən olan əhalinin sayı və vergilər əks olunurdu. Ağır vəziyyətdə olan əhalinin güzəranını bir qədər yaxşılaşdırmaq üçün bəzi vergilər müvəqqəti olaraq alınmırdı. “Naxçıvan dəftəri” adlı sənəddən məlum olur ki, osmanlılar qadınları, uşaqları, qocaları, əlilliyi olan şəxsləri, xəstələri, həmçinin zehni əməklə məşğul olan şəxsləri vergilərdən azad etmişdilər.
Ticarət və sənətkarlıqda Səfəvilər dövründə alınan vergilər olduğu kimi saxlanmışdı. Bir sıra hallarda Osmanlı hakimiyyət orqanları vergilərin yığılmasını müqatiəyə* verirdilər.
Hərbi əməliyyatlar nəticəsində tənəzzülə uğramış ticarəti canlandırmaq üçün tədbirlər görülürdü.
Osmanlı ordusunda xidmət edən yeniçərilərin bir çoxu qayda- qanunu pozur, yerli sakinləri qarət edirdilər. Osmanlı hakimiyyət orqanları yeniçərilərin özbaşınalığının qarşısını almağa çalışsalar da, həmişə buna nail ola bilmirdilər.