Rus idarəçilik sistemi. Bakı şəhəri rus qoşunları tərəfindən işğal edildikdən sonra burada komendant* idarəçiliyi yaradıldı. Rus komandanlığı tərəfindən Bakı və Abşerona komendant təyin olunmuş Baryatinski tezliklə yerli sahibkarların neft quyularını müsadirə etdi. Komendantın bu hərəkətinə qarşı qalxan üsyan yatırıldı.
Rus komendantlığının yaradılması Bakıda və ümumiyyətlə, Xəzərboyu münbit torpaqlarda məskunlaşmağa can atan ermənilər üçün əlverişli bir fürsət idi. Ermənilər I Pyotra müraciətlə “yeni əldə olunmuş torpaqlarında” onlar üçün yer ayırmağı xahiş etdilər. Ermənilərin müraciəti I Pyotrun Azərbaycanla bağlı siyasətinə uyğun gəlirdi. Bununla o, işğal olunmuş Azərbaycan torpaqlarında xristian əhalinin sayını artıra və özünə “etibarlı” müttəfiq qazana bilərdi.
I Pyotrun 1724-cü ildə verdiyi fərmanla ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, xüsusən də Dərbənd və Bakı şəhərlərində məskunlaşması rəsmiləşdirildi.
I Pyotrun bu siyasətinin gələcəkdə Azərbaycan üçün nəticəsi necə oldu?