Rus ordusu Dərbənddən Bakıya doğru hərəkətə başladı, lakin I Pyotr yürüşünü dayandırıb geri dönməli oldu. Bunun bir neçə səbəbi vardı. Səbəblərdən biri bu idi ki, Xəzərdə baş verən tufan nəticəsində rus əsgərlərinin azuqə və sursat saxlanılan gəmilərinin əksəriyyəti dənizdə batmışdı. Silah-sursatsız qalan rus hərbçiləri yerli əhalinin sərt müqavimətini qıra biləcəklərinə inanmırdılar. Digər tərəfdən İsveçin yenidən Rusiyaya qarşı müharibəyə başlamaq istəməsi xəbəri gəlmişdi.
I Pyotrun yürüşü dayandırmasına Osmanlı sarayının kəskin etirazı da təsir göstərdi.
Bakı və Şamaxını ala bilməsə də, I Pyotr öz yürüşünün nəticəsindən razı qalmışdı. Rusiya imperatorunu bu yerlərdə, az da olsa, torpaq əldə etmək qane edirdi.
Azərbaycanın bütün Xəzərsahili torpaqlarının Rusiya tərəfindən işğalı. Rusiyaya qayıtdıqdan sonra I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi.
Rusların Bakıya dəniz vasitəsilə yürüş hazırladığı bir zamanda Səfəvi dövlətinin düşdüyü ağır vəziyyətdən istifadə edən əfqanlar onun ərazilərinə basqın etməyə başladılar. Onlar İsfahanı mühasirəyə aldılar. Şah Sultan Hüseyn paytaxtı tərk etmək istəmədi, lakin əlavə qüvvə toplamaq üçün oğlu Təhmasibin mühasirədən çıxmasını təşkil etdi. Əfqanlar İsfahanı tutdular. 1722-ci ildə Təhmasib özünü şah elan etdi.
Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Osmanlı imperiyası da öz qoşunlarını Cənubi Qafqaza yeritdi. Osmanlılar tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını işğal etməyə tələsdirdi, çünki Bakı strateji-coğrafi mövqedə yerləşirdi. Buradan Hindistana gedən yol Ümid burnundan keçən dəniz yolundan xeyli qısa idi.
1723-cü ildə rus donanması Bakı limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik olan düşmənin