Rusiya dövlətinin elçisi karvan yollarını, bu yollar boyunca otlaqların olub-olmamasını (bu, süvari qoşunlar üçün vacib idi), yerli qoşunların müdafiə qurğularının vəziyyətini araşdırmalı, buradakı xristianlarla əlaqə yaratmalı idi. Artemi Volınskiyə burada rus ticarətinin inkişaf etdirilməsi imkanlarını öyrənmək də həvalə edilmişdi. Azərbaycanda olduğu müddət ərzində Volınski həm də illərdən bəri Şamaxıda məskən salmış rus tacirlərinin ticarət məsələlərini qaydaya salmaq üçün müəyyən işlər gördü və 1717-ci ildə İsfahanda rus tacirlərinin mənafeyinə uyğun müqavilə imzalanmasına nail oldu.
Xəzər dənizinin xəritəsinin hazırlanması. Xəzər dənizi hövzəsinə yürüşdən əvvəl I Pyotr Xəzərin qərb sahillərini topoqrafik baxımdan dəqiq öyrənmək məqsədilə Xəzər dənizinə ekspedisiya göndərdi. Dövrün səviyyəsinə uyğun üsullarla aparılan tədqiqat işləri nəticəsində Xəzər dənizinin bütün qərb sahilləri: sahil sularının dərinliyi və dənizdəki su axınının istiqaməti, limanlar, buxtalar, sualtı qayalar dəqiqliklə öyrənildi, nəticədə, Xəzər dənizinin xəritəsi hazırlandı.