Məlumat əsasında Səfəvi dövlətində mərkəzi hakimiyyətin vəziyyətini qiymətləndirin.
XVIII əsrin əvvəllərində üsyanlar. Vergilərin artırılması və onların toplanması ilə bağlı sərt qaydalar əhalinin narazılığına səbəb oldu. Səfəvi dövlətinə daxil olan bütün ölkələrdə mərkəzi hakimiyyətə qarşı çıxışlar başladı. Qonşu dövlətlər Səfəvi dövlətinin düşdüyü ağır siyasi və iqtisadi vəziyyətdən istifadə etməyə çalışırdılar. Şah hakimiyyəti zəiflədiyi üçün hakim feodallar arasında mərkəzi hakimiyyətə tabe olmamaq meyli güclənirdi. Bəzi yerli feodal hakimlər qiyamlar təşkil edirdilər.
Azərbaycanda ilk üsyan 1707-ci ildə Car-Balakən bölgəsində başladı. Üsyançılar Şirvan bəylərbəyini öldürüb, malikanəsini qarət etdilər.
1711-ci ildə Car-Balakəndə yeni üsyan başlandı və tezliklə bütün Şirvana yayıldı. Üsyanın genişlənməsində yerli ruhani başçılarından biri olan Hacı Davudun böyük rolu oldu. O öz siyasi məqsədləri üçün dini amildən istifadə edirdi.
1719-cu ilin sonlarında Səfəvi dövlətinin və yerli hakimlərin silahlı dəstələri Şirvanda baş verən üsyanı yatırmağa nail oldular. Hacı Davud tutulub Dərbənd həbsxanasına salındı. Onun müttəfiqi Qazıqumuqlu Surxay xan Dağıstana qaçaraq canını qurtara bildi.