Şah II Abbasın dövründə kitab işinə xüsusi diqqət yetirilirdi. Şahın tapşırığı ilə kitab çapı üçün Avropadan mətbəə avadanlığı gətirilməsinə təşəbbüs göstərildi, lakin kifayət qədər vəsait ayrılmaması, Şah II Abbasın ölümü və Şah Süleymanın bu işə biganəliyi üzündən həmin təşəbbüs baş tutmadı.
Xalq yaradıcılığı və ədəbiyyat. Qəhrəmanlıq və məhəbbət dastanlarının tam şəkildə təşəkkülü XVI—XVII əsrlərə təsadüf edir. Bu dövrdə yaradılmış “Koroğlu” dastanı
XVI—XVII əsr aşıq sənətinin yüksəliş dövrü idi. Xalq poeziyasının görkəmli nümayəndələri Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq daha çox tanınırdılar. Onlar ifa etdikləri şeirləri özləri yazırdılar. “Abbas və Gülgəz” dastanı Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdı. Bu aşığın məhəbbət məzmunlu qoşmaları xüsusilə qiymətlidir. Sarı Aşıq həm də gözəl bayatılar müəllifi idi.
XVII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Saib Təbrizi olmuşdur. Şah I Abbasın hakimiyyəti dövründə Saib Təbrizi İsfahana köçürülmüş, Əfqanıstana, ərəb ölkələrinə, Kiçik Asiyaya səyahət etmişdir. Saib Təbrizi bir müddət Hindistanda yaşamış, Şah II Abbas tərəfindən Səfəvi sarayına dəvət olunmuş və “məlik-üş-şüəra” adını almışdı. İnsan və təbiət gözəlliklərinə vurğunluq, məhəbbət, zəmanədən şikayət onun əsərlərinin başlıca mövzuları idi.