müəllimlər o qədər şöhrət qazanmışdılar ki, onların yanına hətta uzaq yerlərdən tələbələr gəlirdilər. Bu dövrdə təhsil, əsasən, şəhər əhalisi içərisində yayılırdı. Kənd əhalisinin çoxu savadsız idi. Kənd yerlərində təhsil işi ilə məscidin axundu və ya mollası məşğul olurdu.
Elm. Bu dövrdə dünyəvi elmlər də inkişaf edirdi. Astronomiya və riyaziyyata dair əsərlər yazmış Mirzə Məhəmməd Şirvanı Azərbaycan elminə bir sıra töhfələr vermişdir. Digər bir elm xadimi Yusif Qarabağinin əsərləri dövr üçün mühüm bilik mənbəyi idi. Azərbaycan filosofu Yusif Qarabaği Mərkəzi Asiyaya köçmüş, Səmərqənddə və Buxarada yaşamışdı. O, fəlsəfə və hüquq məsələlərinə həsr olunmuş bir sıra əsərlərin müəllifi idi. Bu əsərlərdən uzun müddət Mərkəzi Asiyanın mədrəsələrində tədris vəsaiti kimi istifadə olunmuşdur. Onun əsərlərində astronomiyaya dair maraqlı məlumatlar verilmişdir.
XVI—XVII əsrlərdə Azərbaycan tarixinin öyrənilməsi sahəsində çox işlər görülmüş, qiymətli əsərlər yazılmışdır. O dövrün görkəmli tarixçilərindən biri İsgəndər bəy Münşi olmuşdur. O, Şah I Abbasın sarayında dəftərxanada katib (münşi) vəzifəsində çalışmış, “Tarixi aləm-arayi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərini yazmışdır. Əsərdə Səfəvi dövlətinin siyasi tarixi yığcam şəkildə qələmə alınmış, Şah I Abbasın dövrünə isə geniş yer verilmişdir. Şah II Abbasın baş tarixçisi təyin edilmiş, sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmiş Məhəmməd Tahir Vahidin “Tarixi-vahid” (Abbasnamə) əsəri bu gün də həmin dövrə dair dəyərli mənbədir.
Məşhur alim Məhəmmədhüseyn Təbrizi Osmanlı işğallarından sonra vətəni tərk edərək Hindistana getmiş, orada məşhur lüğətini tərtib etmişdir. Bu lüğət İranda, Hindistanda və digər islam ölkələrində dəfələrlə çap olunmuşdur.
Bu dövrdə əlyazma kitabların üzünün köçürülməsi və cildlənməsi çoxalmışdı. Elmin müxtəlif sahələrinə aid əlyazmaların çoxu qonşu ölkələrdən — Yaxın Şərqin böyük şəhərlərindəki elm mərkəzlərindən gətirilirdi. Təbrizdə, Ərdəbildə böyük kitabxanalar mövcud idi.