Şah Səfi və Şah Sultan Hüseynin Avropa hökmdarlarına Azərbaycan türkcəsində məktublar yazmaları məlumdur. 1636— 1638-ci illərdə İsfahanda olmuş alman səfiri Adam Oleari türk dilinin burada böyük əhəmiyyətə malik olmasını yazmışdı.
Adam Oleari. “Səyahətnamə”. Beşinci kitab, 23-cii fəsil, səh. 814
Ondan 50 il sonra İsveçdən Səfəvi dövlətinə gələn elçi Kempfer də öz əsərində bunu təsdiq edərək yazırdı ki, sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, bu dil saray vasitəsilə əyan-əşrəf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır.
Səfəvi şahları Şah I Abbas və Şah II Abbas Azərbaycan türkcəsində şeirlər yazırdılar. Şah Süleymanın hakimiyyəti dövründə baş vəzir olmuş Məhəmməd Tahir Vahidin türkcə divanı Berlin kitabxanasında saxlanılır.
Təhsil. Azərbaycanın bütün bölgələrində məscidlərin nəzdində ibtidai məktəblər, həmçinin yüksək təhsil verən mədrəsələr mövcud idi. Demək olar ki, hər bir iri yaşayış məntəqəsində bir, şəhər mərkəzlərində isə bir neçə mədrəsə fəaliyyət göstərirdi.
Uşaqlar ibtidai məktəblərdə oxumaq və yazmaq öyrənir, Quranı əzbərləyirdilər. Mədrəsələrdə müsəlman hüququ, klassik Şərq ədəbiyyatı, fəlsəfə, astronomiya, tibb və digər elmlərin əsasları öyrədilirdi. Təhsilini başa vuran şagirdlərə şəhadətnamə verilirdi. Mədrəsələrdə dərs deyən müəllimlər arasında dövrün tanınmış alimləri də var idi. Bəzi