Bu dövrdə rus tacirləri özləri Avropa—Şərq ticarətində vasitəçiliyə can atırdılar. Elə bu səbəbdən rus tacirlərini müdafiə edən çar hökuməti ingilislərin Volqa—Xəzər yolundan istifadəsinə son qoyaraq onların ticarət imtiyazlarını ləğv etdi. Bununla da Volqa—Xəzər yolu vasitəsilə Şərq ölkələri ilə ticarət bütünlüklə rus tacirlərinin əlinə keçdi.
Şah II Abbasın hakimiyyəti dövründə Osmanlı dövləti ilə sülh və mehriban qonşuluq münasibətlərinə dövlət səviyyəsində ciddi şəkildə riayət olunurdu.
Səfəvi dövləti Rusiya ilə iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə də xüsusi diqqət göstərir, tərəflər arasında Volqa—Xəzər su yolu ilə ticarət əlaqələrinin qorunub saxlanılmasına çalışırdı. Eyni zamanda Səfəvi dövləti Rusiyanın Şimali Qafqazda möhkəmlənmək cəhdlərinə qarşı çıxırdı. Elə bu səbəbdən Şah II Abbasın göstərişi ilə Terek çayı boyunca yaradılan rus hərbi məskənləri dağıdıldı və şimal sərhədlərinin təhlükəsizliyi təmin edildi.
XVII əsrin ikinci yarısından etibarən Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri güclənməyə başladı. Rusiyadan Azərbaycana xəz-dəri, mis, qalay, kağız və sənətkarlıq məhsulları gətirilirdi. Azərbaycandan isə Rusiyaya ipək parçalar, yun və ipək xalçalar aparılırdı. Ruslar Azərbaycana əlverişli satış bazarı kimi baxır, Şirvana xüsusi əhəmiyyət verirdilər.
1667-ci ildə Rusiya və Səfəvilər dövləti arasında bağlanmış müqaviləyə əsasən, rus tacirləri Səfəvilərin bütün hakimiyyəti dövründə gömrüksüz ticarət hüququ, karvansara və bazarlarda imtiyazlar əldə etdilər. Şah Süleymanın (1666—1694) fərmanında da rus tacirlərinə xüsusi ehtiram göstərmək tapşırılmışdı. Bununla da Rusiya Azərbaycan ipəyini Xəzər—Volqa yolu ilə Qərbi Avropaya daşımaq hüququnu əlinə aldı.