İqtisadi əlaqələri genişləndirmək tədbirləri. Səfəvi dövlətinin xarici ölkələrlə iqtisadi əlaqələri genişlənirdi. İqtisadiyyatı canlandırmaq, ticarət əlaqələrini genişləndirmək üçün dövlət səviyyəsində işlər görülürdü. Şah I Təhmasib Volqa—Xəzər su yolu ilə ticarəti canlandırmaq, Azərbaycanın xam ipəyini bu yolla Avropa bazarına çıxarmaq üçün addımlar atdı. Səfəvi şahı bu məqsədlə Moskvaya elçi göndərdi, rus dövləti ilə iqtisadi və diplomatik əlaqələri möhkəmləndirdi.
İngiltərənin “Moskva şirkəti”nin* təmsilçisi Antoni Cenkinson Qəzvində Şah I Təhmasib tərəfindən qəbul edildi. Şahın icazəsi ilə Şirvan bəylərbəyi Abdulla xan Ustaclı ingilis nümayəndəsi ilə ticarət müqaviləsi bağladı.