Şəhərlər. Azərbaycan şəhərlərinin inkişafında onların ticarət yolları üzərində yerləşməsi əsas iqtisadi amil idi. Şəhərlərin iqtisadi həyatında isə sənətkarlar və tacirlər mühüm rol oynayırdılar. Onlar hələ də monqolların dövründən qalma tamğa adlı vergi ödəyirdilər. 1565-ci ildə Şah I Təhmasib bu verginin ləğv olunması haqqında fərman verdi. Fərman Səfəvi dövlətində sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi.
Azərbaycanın ən böyük və mühüm şəhəri sayılan Təbriz Səfəvi dövlətinin təsərrüfat həyatında misilsiz rol oynayırdı. Təbriz sənətkarlarının hazırladıqları müxtəlif məhsullar hər yerdə şöhrət qazanmışdı.
1555-ci ildə paytaxtın Qəzvinə köçürülməsi Təbrizin siyasi əhəmiyyətinə və iqtisadi inkişafına mənfi təsir göstərdi.
Şirvan bəylərbəyiliyinin mərkəzi olan Şamaxı mühüm daxili və xarici ticarət şəhərlərindən biri olaraq qalırdı.
Şirvanın Səfəvi dövlətinə birləşdirilməsindən sonra Bakı Xəzər sahilində bu dövlətin əsas limanına çevrildi. Bakı ətrafında yerləşən quyulardan neft çıxarılır, bu neft dəniz və karvan yolu ilə bir sıra ölkələrə göndərilirdi.
Ərdəbil Səfəvi dövlətinin müqəddəs şəhərlərindən biri sayılırdı.