İkinci İstanbul və Mərənd müqavilələri. Şah I Abbas qələbəsini rəsmiləşdirmək üçün osmanlılarla sülh müqaviləsi bağlamağa cəhd etdi. Osmanlı dövləti isə Azərbaycanın itirilməsi ilə razılaşmayaraq hər vəchlə 1590-cı il sülhünün şərtlərini saxlamağa çalışır, müqavilə bağlamağa tələsmirdi. Uzun tərəddüdlərdən sonra Osmanlı tərəfi sülh danışıqlarına başlamağa razı oldu.
1612-ci ildə Səfəvi və Osmanlı dövlətləri arasında İstanbulda yeni sülh müqaviləsi bağlandı. Osmanlı sultanı Amasiya sülhü əsasında müəyyən olunmuş sərhədlərin bərpası şərtini qəbul etdi. Bu sülh də möhkəm deyildi və uzun çəkmədi. Müqavilənin bağlanmasından dörd il sonra sərhəd mübahisəsinə görə Osmanlı ordusu İrəvana hücum etdi. Səfəvi qüvvələri Osmanlı qoşununu mühasirəyə alaraq İrəvandan çəkilməyə məcbur etdi.
1618-ci ildə osmanlılar yenidən Azərbaycana hücum edib Təbriz və Ərdəbilə qədər irəlilədilər. Həmin dövrdə Krım xanı da Azərbaycana qoşun yeritdi, lakin Səfəvi qoşunları Sınıq körpü adlı yerdə Osmanlı—Krım qüvvələrini ağır məğlubiyyətə uğratdı.
1618-ci ildə Mərənddə yeni sülh müqaviləsi imzalandı. Bu sülhə görə, 1612-ci ildə İstanbulda bağlanmış sülh müqaviləsində müəyyən edilmiş sərhədlər bərpa edildi.
XVII əsrin 20-ci illərində Osmanlı imperatorluğunda baş verən daxili çəkişmələr imperiyanı siyasi və iqtisadi böhran qarşısında qoydu. Bu vəziyyətdən istifadə edən Şah I Abbas Bağdad, Mosul, Kərbəla, Nəcəf şəhərləri də daxil olmaqla, bütün İraqı yenidən Səfəvi dövlətinə tabe etdi.
Hörmüzün azad edilməsi. Hələ XVI əsrin əvvəllərində Səfəvilərin Osmanlı dövləti ilə müharibə aparmasından istifadə edən Portuqaliya İran körfəzinin başlıca limanı olan