Şimala doğru hərəkət edən Qızılbaşlar Culfa və Naxçıvanı döyüşsüz geri aldılar. Ordubad əhalisi üsyan qaldırdı. Ordubadlılar şəhərə daxil olan Səfəvi ordusunu bayram sevinci ilə qarşıladılar. Səfəvi ordusuna göstərdikləri yardımı nəzərə alan Şah I Abbas ordubadlıları bütün dövlət vergilərindən azad etdi.
Daha sonra Qızılbaş ordusu İrəvana yaxınlaşdı. 1604-cü ildə şəhər azad edildi. Səfəvi ordusu yürüşü davam etdirib Qarsa qədər əraziləri tutdu. Bu zaman Osmanlı ordusunun yürüş xəbəri yayıldı. Osmanlı ordusunun hücumunu eşidən Şah I Abbas Təbriz istiqamətində geri çəkildi. Osmanlılara qarşı ənənəvi “yandırılmış torpaq” taktikası tətbiq edildi. Geri çəkilən şah ordusu şəhər və kəndləri boşaltdı, osmanlıların əlinə keçə biləcək nə varsa, məhv etdi. Arazboyundakı əhali Səfəvi dövlətinin şərq vilayətlərinə köçürüldü.
Şah I Abbasın əsas məqsədi osmanlıların ölkənin içərilərinə doğru irəliləməsinin qarşısını almaq idi. Bundan başqa, Şah I Abbas iqtisadi məqsəd də güdürdü. O, Şərqdən Avropaya gedən əsas ticarət yolunu Osmanlı dövlətinin ərazisindən Səfəvi dövlətinin ərazisinə — İran körfəzi limanlarına köçürmək istəyirdi.
1605-ci ildə Təbrizdən bir qədər aralı, Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah I Abbasın tətbiq etdiyi qədim türk hərbi taktikası — “Turan taktikası” nəticəsində Səfəvilər qalib gəldi. Bu döyüş müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi.
Hansı döyüşlərdə bu taktikadan istifadə edilmişdir?
1605—1607-ci illərdə Qarabağ, Gəncə, Şirvan azad edildi və bütün Azərbaycan torpaqları osmanlılardan geri alındı.