Şah I Abbas Osmanlı dövlətini Azərbaycandan sıxışdırıb çıxarmaq üçün üsyançıların qüvvəsindən yararlanmağa çalışırdı. O, Osmanlı ağalığında qalan vilayətlərdə mübarizə aparan Cəlali dəstələrinə Səfəvi mülklərində sığınacaq verir, qorxmaz və cəsur üsyançıları öz qoşununa qəbul edirdi. 1608-ci ildə isə Cəlalilər şahın icazəsi ilə Çuxursəəd bəylərbəyiliyinə köçüb yerləşdilər.
“Koroğlu ” dastanında adıçəkilən Giziroğlu Mustafa bəy, Kosa Səfər və Tanrıtanımaz da üsyan başçısı kimi yenilməz igidlər olaraq tanınırdılar.
Sizcə, “Koroğlu” dastanı real tarixi necə əks etdirir? Fikrinizi əsaslandırın.
Qalibiyyətli müharibələr dövrü. Ərazi bütövlüyünün bərpası istiqamətində ilk addım dövlətin şərq sərhədlərində atıldı. 1599-cu ildə Şeybanilər məğlub edildi və Xorasan geri qaytarıldı.
1603-cü ildə Təbrizə yaxınlaşan şah ordusu üsyan etmiş xalqın köməyi ilə şəhəri osmanlılardan azad etdi.