Mərkəzi hakimiyyəti gücləndirən,
ordunu yenidən quran Şah I Abbas
Səfəvi dövlətinin ərazi bütövlüyünü
bərpa etmək uğrunda mübarizəyə
başladı. Bu məqsədinə çatmaq üçün
o, Azərbaycanda genişlənən Cəlali-
lər hərəkatından da istifadə etdi.
Cəlalilər hərəkatı. XVI əsrin sonu — XVII əsrin əvvəllərində Osmanlı imperiyasının şərq vilayətlərini, o cümlədən yeni işğal edilmiş Azərbaycan ərazilərini xalq çıxışları bürüdü. Aclıq, soyğunçuluq, dəhşətli dağıntılar, vergilərin artırılması, məmurların qəddarlığı yerli əhalinin fəal müqavimətinə səbəb oldu. Tarixə Cəlalilər hərəkatı adı altında daxil olmuş bu xalq çıxışları adını XVI əsrin əvvəllərində Toqatda üsyana başçılıq edən Şeyx Cəlaldan almışdır. Sonrakı dövrdə Osmanlı imperiyasının tərkibinə qatılmış Azərbaycan torpaqlarında işğalçı hakimiyyət orqanlarına qarşı üsyanlar da Cəlalilər hərəkatı adı ilə məşhur olmuşdur.
1591-ci ildə Təbriz əhalisinin üsyanı baş verdi. Təbriz üsyanı Azərbaycanda Cəlalilər hərəkatının ilk böyük çıxışı idi.
XVII əsrin ilk illərində Şərqi Anadoluda və Azərbaycanda daha da genişlənən Cəlalilər hərəkatı feodal özbaşınalığına və amansız istismara qarşı yönəlmişdi. Cəlalilərin Azərbaycanda məqsədi həm də Osmanlı işğalından qurtulmaq idi. Cəlalilər hərəkatı İstanbuldan İrəvana, Bağdaddan Dərbəndə qədər olan torpaqları əhatə etmişdi.
Azərbaycandakı Cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. O, Cəlalilər hərəkatının ən görkəmli nümayəndəsi idi.