Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya rus ordusunun adıçəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa, o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Şahənşahın vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beşillik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.