Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onlara yan almaq hüququ verilir. Həm də gəmi qəzası zamanı dostluq köməyi edilməlidir. Şahənşahın ticarət gəmilərinə də həmin bu hüquq əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya dövlətinə verilir ki, ondan başqa heç bir dövlətin hərbi bayrağı Xəzər dənizində ola bilməz.
Rusiya İmperatoru həzrətləri və Şah həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.
Rusiya İmperatoru həzrətləri və Şah həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və Şahənşah hökuməti arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.