Mən, şuşalı və qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) İstər indi, istərsə də sonralar yuxarıda adıçəkilən qoşuna lazım olan buğda və darı yarmasını Gürcüstan Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
Əlahəzrət İmperatorun zati-aliləri şuşalı və qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanılmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.