Mədəniyyətin digər sahələri olan musiqi və rəssamlıq da bu dövrdə inkişaf etmiş, daha çox təkmilləşmişdi. Xanəndəlik sənəti ilə yanaşı, aşıq sənəti də inkişaf etmişdi. Rəssamlıqda divarüstü boyakarlıq öz inkişafının yüksək zirvəsinə çatmışdı. Buna misal olaraq, Şəki Xan sarayının divarüstü rəsmlərini göstərmək olar.
XIX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. XIX əsrdə Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycan torpaqlarının iki yerə bölünməsi Şimali Azərbaycanın Şərq ölkələri ilə çoxəsrlik əlaqələrini kəsdi.
Xalqımızın tarixini əks etdirən, müxtəlif dövrlərdə yazıya alınan əsərlər, əlyazmalar Azərbaycandan kənara aparıldı. Hələ Şah İsmayıl hakimiyyəti dövründə yaranmış Şeyx Səfi məqbərəsinin kitabxanası o dövrdə Şərqin ən zəngin kitabxanalarından biri idi. 1828-ci ildə Şeyx Səfi məqbərəsində olan qiymətli əlyazmalar qənimət kimi müsadirə edildi. Minlərlə əlyazma xüsusi mühafizə altında Tiflisə göndərildi. Tiflisdə əlyazmaların siyahısı tərtib edildi və onlar Peterburq İmperator Kitabxanasına (indiki M.Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanasına) aparıldı. Həmin əlyazma və kitabların bir çoxu bu gün də orada saxlanılır.
Təhsil. Çar Rusiyasının Azərbaycanda təhsillə bağlı həyata keçirdiyi siyasət elə qurulmuşdu ki, təhsilin əsas məqsədi yerlərdəki dövlət idarələrində işləyə biləcək məmurlar hazırlanmasından irəli getməsin. İmperiya daxilində yaşayan xalqların milli-mənəvi dəyərləri, adət-ənənəsi, mədəniyyəti kölgədə qalsın, təhsil yalnız çar hökumətinə sədaqətli təbəələr tərbiyə etməyə xidmət göstərsin.
Çarizm bu siyasətini iki istiqamətdə həyata keçirirdi:
— nüfuzlu ruhaniləri idarələrdə məmur vəzifələrinə təyin edərək öz xidməti qulluqçusuna çevirmək;
— azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan Rusiya meyilli təbəələr hazırlamaq. Bu məqsədlə 1828-ci ildə Tiflisdə azərbaycanlılar üçün “Əmanətlər məktəbi” açmışdı. Çar hökuməti zəbt etdiyi Azərbaycan xanlıqlarından əsilzadə azərbaycanlıların uşaqlarını girov götürür, onları bu məktəblərdə təhsilə cəlb edirdi.