Memarlıq. XVIII əsrdə baş vermiş tarixi və sosial-iqtisadi dəyişikliklər memarlığa da təsir göstərmişdi. Xanlıqlar dövründə saray komplekslərinin yaradılması, şəhər ətrafında müdafiə sistemlərinin inşası, ibadət yerlərinin, məscidlərin tikilməsi böyük vüsət almışdı. Şahbulaq, Şuşa qalası, Şuşadakı Pənahəli xanın məscidi, Pənahəli xanın kitabxanası bu dövrün qiymətli abidələrindəndir.
Həmin dövrə aid digər qiymətli memarlıq abidəsi Şəki qalasının daxilində tikilmiş Xan sarayıdır. 1763-cü ildə inşa olunmuş bu saray oymalarla işlənmiş şəbəkə üslubu ilə bəzədilmişdir.