Rusiyanın, ölkənin içərilərinə
doğru irəliləməsindən qorxuya düşən
şah dövləti sülh bağlamağa məcbur
oldu.
Azərbaycan torpaqlarının ikinci dəfə bölüşdürülməsi. 1828-ci ilin yanvarında Paskeviç rus qoşununa Ərdəbil istiqamətində hərəkət etməyi əmr etdi. Ruslar Urmiyanı və Ərdəbili tutdular. Bu, Qacar sarayında narahatlıq yaratdı.
1828-ci ilin fevralında Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas mirzə ilə Paskeviç arasında sülh danışıqları başlandı. Rusiya hökuməti şahdan Azərbaycanın cənub ərazilərinin də Rusiyaya verilməsini tələb edirdi, lakin Osmanlı dövləti ilə müharibə təhlükəsi çar hökumətini danışıqları çox uzatmamağa vadar etdi. 1828-ci il fevralın 10-da sülh müqaviləsi imzalandı. “Türkmənçay müqaviləsi” adı ilə tarixə düşən bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən ilhaq edildi. Azərbaycanın cənub əraziləri isə Qacarlar dövlətinin tərkibində qaldı. Beləliklə, Azərbaycan torpaqları iki hissəyə — Şimali və Cənubi Azərbaycana bölündü.
Türkmənçay müqaviləsinin şərtləri. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Müqaviləyə görə, şah dövləti Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi.