Beləliklə, üç qala-şəhər: Şuşa, Quba və Bakı istisna olmaqla, Azərbaycanın bütün şimal torpaqları işğalçı qoşunlardan azad edildi.
Tezliklə çar Rusiyası Azərbaycanı yenidən işğal etmək məqsədi ilə əlavə hərbi qüvvələr gətirdi. Rus qoşunu Gəncə üzərinə yeridi. Gəncəyə gedən yolun üstündə, Şəmkir yaxınlığındakı qanlı döyüşdə şah ordusu məğlub oldu. Sonra baş verən Gəncə döyüşü müharibənin müqəddəratını həll etdi. Məğlubiyyət xəbərini alan Abbas mirzə Şuşanın mühasirəsindən əl çəkib Arazın sağ sahilinə keçdi. Şah qoşunu rusların işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdi.
Qafqazın baş hakimi vəzifəsində Yermolovu general İvan Paskeviç əvəz etdi.
Naxçıvan xanlığının işğalı. 1827-ci ilin yazında hərbi əməliyyatlar yenidən başlandı. Rus korpusunun əsas qüvvələri İrəvan üzərinə yeriyərək İrəvan qalasını mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində dəfələrlə həmlə etməsinə baxmayaraq, rus qoşunu qalanı ala bilmədi. Rus komandanlığı İrəvan qalasının mühasirəsinə vaxt itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yeritdi.
Rus qoşunu Naxçıvanı ələ keçirib, Abbasabad qalasına yaxınlaşdı. Şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı olan bu qalanın böyük strateji əhəmiyyəti var idi. Qala Araz çayı üzərində keçidi təmin edirdi. Abbas mirzə Abbasabad qalasını ruslara verməmək üçün qala üzərinə hərəkət etdi. Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Ruslar döyüşdə qalib gəldilər.
İrəvan xanlığının işğalı. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. İlk növbədə, xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalası mühasirəyə alınıb tutuldu. Sentyabrda yenidən İrəvan qalasının mühasirəsi başlandı. Qala qəhrəmanlıqla müdafiə olunurdu. İrəvan qalasının müdafiəsinə başçılıq edən Həsən xan Qacar Paskeviçin hədələyici məktublarına məhəl qoymur,