Müharibənin başlanması. 1826-cı ildə Abbas mirzənin ordusu şimala doğru hərəkətə başladı. Onun planı qəflətən Qarabağa daxil olub Şuşanı ələ keçirmək, sonra isə Gəncəni tutub Tiflisə hücum etmək idi.
Ordunun bir hissəsi Gəncəyə tərəf hərəkət etdi, digər əsas qüvvələr Şuşa üzərinə yeridildi. Qacar ordusu ilə birgə Gəncə xanı Cavad xanın oğlu Uğurlu xan, Bakı xanı Hüseynqulu xan, şamaxılı Mustafa xan və başqaları da gəlirdilər.
Öz keçmiş xanlarının gəldiyini eşidən əhali onlara kömək məqsədilə üsyan qaldırdı. Üsyan ümumi xarakter daşıyırdı, yəni əhalinin bütün təbəqələri üsyanda iştirak edirdi.
Üsyan Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazisini əhatə etdi. Gəncəlilər buradakı rus qarnizonunu darmadağın etdilər. Şəhər işğalçılardan azad edildi. Sonra Uğurlu xan tərəfindən Şəmşəddil də azad edildi. Üsyan Borçalını da əhatə etdi.
Şah ordusu bütün Qarabağ mahallarını tutub, Şuşa qalasını mühasirəyə aldı. Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Şuşanın uzunmüddətli mühasirəsi bu əməliyyatın taleyini rusların xeyrinə həll etdi.
Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Ona görə də Abbas mirzə Bakını ələ keçirmək, rus ordusunun təchizatını pozmaq və onu mərkəzdən təcrid etmək istəyirdi.
Hüseynqulu xan Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Abbas mirzə onun köməyinə yeni qüvvələr göndərdi, lakin Hüseynqulu xanın bütün cəhdləri uğursuz oldu.