Rusiya hökumətinin Azərbaycanda iqtisadi tədbirləri. Çar Rusiyası istila etdiyi Azərbaycan torpaqlarında iqtisadi maraqlarını təmin etmək üçün tədbirlər görməyə başladı. Əsas tədbirlərdən biri cənuba qaçıb getmiş və ya əsir götürülmüş əhalinin geri qaytarılması idi. Çar hökuməti bununla vergi verən əhalinin sayını artırmağa çalışırdı.
Çar Rusiyası Azərbaycanın təbii sərvətlərini mənimsəməyə başlamışdı. Neft mənbələri, duz gölləri, balıq vətəgələri, zəy mədənləri və başqa sahələr ələ keçirilmiş və iri tacirlərə iltizama (icarəyə) verilmişdi. Azərbaycanın ipəkçilik mərkəzi olan Şəkinin ipəyi Rusiya sənayesinə yönəldilmişdi.
Bir sıra əyalətlərdə taxıl ehtiyatının az olmasına baxmayaraq, Rusiya hakim dairələri rus qoşunlarının tələbatını yerli əhaliyə ödətdirirdi.
Rusiyanın Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasət müstəmləkə xarakteri daşıyırdı. Rusiya Azərbaycana ucuz xammal və bahalı satış bazarı kimi baxırdı, lakin çar hökuməti hələ bu məsələ ilə bağlı müəyyənləşmiş layihələr tətbiq etmirdi.
Cənubi Qafqaz Avropa—Asiya ticarətində Rusiya üçün hələlik ötürmə məntəqəsi kimi əhəmiyyətli idi. Bu mövqeyinə uyğun olaraq, çar hökuməti Cənubi Qafqazda güzəştli tarif tətbiq etdi. Bu tarifin tətbiq edilməsindən sonra Cənubi Qafqaz tacirlərinin Avropadakı əməliyyatları dörd dəfə artdı. Rusiya yarmarkasının dövriyyəsi isə müvafiq surətdə azaldı.