Şəkini işğal etdikdən sonra rus qoşunu Car-Balakən üsyanını da yatırdı, lakin bir general daxil olmaqla, xeyli əsgər itirdi.
Yalnız Səlim xan deyil, Qarabağ hakimi Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan da Rusiyaya qarşı idilər. Onlar bağlanmış müqavilələrin əbədi köləlik vasitəsi olduğunu artıq anlamışdılar.
1810-cu ilin yayında xalqın yardımına arxalanan Quba hakimi Şeyxəli xan rus qoşununu Gilgilçay üzərində məğlub etdi, ruslara köməyə gələn hərbi hissələri də geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və ya öldürən adama böyük məbləğdə mükafat verəcəyini bildirsə də, istəyinə nail olmadı, çünki Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli bəylərin çoxu Rusiya tabeliyindən çıxıb Şeyxəli xana qoşulmuşdu. Şirvanlı Mustafa xan Qubadakı çıxışa yardım göstərirdi.
Quba üsyanı çar komandanlığını qorxuya saldı. Komandanlıq üsyanın daha da genişlənməsindən bərk narahat oldu. Çar komandanlığı üsyanı yatırmaq üçün digər bölgələrdən rus piyada qüvvələri və atlı qoşun hissələrini göndərdi. Döyüşlərdə Şeyxəli xan məğlub oldu, üsyan yatırıldı, lakin işğal edilmiş bütün ərazilərdə Azərbaycan xalqı müharibəni davam etdirir, kütləvi itaətsizlik göstərirdi.