1806-cı ilin payızında Bakı və Quba xanlıqları Rusiya tərəfindən işğal edildi. Beləliklə, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Azərbaycanın şimal ərazisi Rusiyanın hakimiyyəti altına keçdi.
Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra Fətəli şah Qacarla sülh bağlamağa can atırdı, çünki rus komandanlığı Osmanlı dövləti ilə müharibənin qaçılmaz olduğunu görürdü. Çar hökuməti müvəqqəti barışığın imzalanmasına belə razı idi, lakin danışıqlar uzandı.
1808-ci ildə rus qoşunu yenidən İrəvan üzərinə hücuma keçdi və onu mühasirəyə aldı. Uzun sürən mühasirə rus qoşunu üçün uğursuz oldu. Abbas mirzənin başçılığı ilə Qacar qoşunu 1809-cu ildə Qara- baba kəndi yaxınlığındakı döyüşdə rus qoşunlarını məğlub etdi.
Azərbaycan tarixi, IV cild
İşğal olunmuş Azərbaycan ərazilərində üsyanlar. 1806-cı ildə qarabağlı İbrahimxəlil xanın öldürülməsindən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi. O, əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan çıxardı. Bundan ruhlanan Car-Balakən camaatı da üsyan etdi. Rus komandanlığı Şəki xanlığındakı üsyanı yatırmaq üçün hərbi hissələr göndərdi. Şəki yaxınlığında həlledici döyüş baş verdi. Bu döyüşdə Səlim xanın dəstələri məğlubiyyətə uğradı.
Rus qoşunu Şəki şəhərini mühasirəyə aldı. Şəhər sakinləri müqavimət göstərməkdə davam edirdi. Bununla belə, əhalinin müqaviməti qırıldı və ruslar Şəkini ələ keçirdilər. Səlim xan Qacarlar sarayına sığındı.