Məlumatı təhlil edin. Sizcə, hökmdarın şəxsi keyfiyyətləri dövlətin mənafeyinə necə təsir edə bilər? Misal göstərin.
Hərbi-inzibati islahatlar. Şah I Abbas osmanlılarla sülh müqaviləsi bağladıqdan sonra itirilmiş torpaqları geri almaq, dövlətin sarsılmış qüdrətini bərpa etmək məqsədilə islahatlara başladı.
İslahatlar, əsasən, hərbi və inzibati sahələrdə aparıldı. Mərkəzi hakimiyyətə qarşı çıxan Qızılbaş hərbi əyanları cəzalandırıldı. Qızılbaş tayfa başçılığında irsilik prinsipi ləğv olundu. Bu tədbirlər ölkə daxilində siyasi sabitliyin bərpa olunmasına və mərkəzi hakimiyyətin nüfuzunun artmasına xeyli kömək etdi.
Şah I Abbasın hakimiyyətinə qədər Səfəvilər dövlətində daimi nizami ordu yox idi. Ordu Azərbaycan (Qızılbaş) tayfalarının qeyri-nizami süvari dəstələrindən ibarət idi. Tayfa başçıları bəzən vahid komandanlığa tabe olmur, müstəqil hərəkət edirdilər. Zəif nizam-intizam və tayfalararası ədavət Səfəvi ordusunun döyüş qabiliyyətini aşağı salırdı.