Dekabrda Sisianov yenə Cavad xana təslim olmaq barədə məktub göndərib təcili cavab istədi. Sisianovun bu hərəkəti Cavad xanı qəzəbləndirdi. O, cavab məktubunda yazırdı: “Nə hədlə belə danışırsan? Mən ki sənə tabe deyiləm! Həddini bil! O ki qaldı şəhərin təhvil verilməsinə, xam xəyalından əl çək.
Gəncənin müdafiəsi uğrunda qanlı döyüşlər başladı. Şəhərin yaxınlığında Quruqobu adlı yerdə rus qoşunları ilə gəncəlilər arasında ilk döyüş baş verdi. Düşmənin canlı və texniki üstünlüyü nəticəsində Cavad xan Gəncə istiqamətində geri çəkilməli oldu. Bundan sonra rus qoşunu Gəncəni mühasirəyə aldı. Mühasirə bir ay davam etdi. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular.
Qanlı döyüşlərdən sonra 1804-cü ilin yanvarında Gəncə qalası rus hərbi dəstələri tərəfindən işğal edildi.